Azərbaycan Kikboksinq Federasiyasının əsas vəzifəsi ölkədə kikboksinq idman növünün inkişaf etdirilməsi, geniş təbliği və kütləviləşdirilməsidir.
Federasiya əhalinin müxtəlif təbəqələrinin, xüsusilə uşaq və gənclərin sağlam həyat tərzinə cəlb olunması, onların fiziki və mənəvi inkişafının dəstəklənməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir.
- Kikboksinq idman növünün ölkə üzrə sistemli inkişafını, geniş təbliğini və kütləviləşdirilməsini təmin etmək;
- Uşaq və gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların fiziki və mənəvi inkişafını dəstəkləmək;
- Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə fiziki və mənəvi hazırlığına töhfə vermək;
- Narkomaniya, uşaq və yeniyetmələr arasında cinayətkarlıq, zərərli vərdişlər və digər mənfi sosial hallarla mübarizəyə dəstək göstərmək;
- Dövlət qurumları, idman təşkilatları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, regional nümayəndəliklər və digər tərəfdaşlarla əməkdaşlıq etmək.
Azərbaycan Kikboksinq Federasiyası 1993-cü ildə yaradılmışdır. Təşkilat ilkin fəaliyyət dövründə Azərbaycan Kikboksinq və Muay-Tay Federasiyası, AKMF adı altında fəaliyyət göstərmişdir. Federasiyanın təsisçisi Azər Həsənsoy 1993–2000-ci illərdə təşkilatın prezidenti vəzifəsini icra etmişdir.
2000-ci ildə Federasiyanın prezidenti vəzifəsinə Adil Əliyev seçilmişdir. O, hazırda Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidentidir. 12 dekabr 2008-ci ildə İdarə Heyətinin qərarı ilə Azərbaycan Kikboksinq və Muay-Tay Federasiyası iki müstəqil idman təşkilatına ayrılmış və kikboksinq üzrə fəaliyyəti Azərbaycan Kikboksinq Federasiyası davam etdirmişdir.
Azərbaycan Kikboksinq Federasiyası 1995-ci ildən WAKO, Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının rəsmi üzvüdür. Federasiya peşəkar idmançıların, məşqçilərin və hakimlərin hazırlanması, beynəlxalq idman əlaqələrinin genişləndirilməsi və Azərbaycanın mötəbər yarışlarda layiqincə təmsil olunması istiqamətində fəaliyyət göstərir.